Xəbərlər
Göyçay və Lənkəranda treninqlər keçirilib

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən ölkə regionlarında gənclərin və sahibkarların maarifləndirilməsi üçün treninqlər davam etdirilir.
Aprelin 19-da Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin və “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Göyçayda “Aznar” müəssisəsində gənclər üçün, aprelin 20-də isə Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində sahibkarlar üçün treninqlər keçirilib.
“Biznesin əsasları, təşkili və idarə edilməsi”, “Made in Azerbaijan” brendinin yaradılması və inkişafı, “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı” və “Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları” mövzularında keçirilən treninqlərdə iştirakçılara biznes mühiti, biznesin planlaşdırılması və idarə edilməsi, biznesdə insan resurslarının səmərəli idarə olunması, brendləşmənin məhsul ixracının artırılmasında rolu, “Made in Azerbaijan” brendinin yaradılması, yaşıl iqtisadiyyat, ekoloji təmiz kənd təsərrüfatı və bu sahədə beynəlxalq təcrübə, ixrac bazarları və bu sahədə mövcud qanunvericilik, ixracatçılara tətbiq edilən güzəştlər, ixracın stimullaşdırılması tədbirləri, ixracyönümlü məhsulların istehsalı və s. barədə məlumat verilib.
Bununla yanaşı, tədbirlərdə iştirakçılara İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə geniş məlumat verilib, mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 

"SAHİBKARLIQ SAHƏSİNƏ AİD QANUNVERİCİLİK AKTLARININ LAYİHƏLƏRİ" XİDMƏT BÖLMƏSİ