Xəbərlər
KOBİA və UNEC arasında Anlaşma Memorandumu imzalanıb
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi kiçik və orta biznesin inkişafı istiqamətində aidiyyəti qurumlar, ictimai təşkilatlar və təhsil müəssisələri ilə əməkdaşlığın qurulması istiqamətində tədbirlərini davam etdirir.

 Noyabrın 21-də İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumuna əsasən, tərəflər elmi yeniliklərin biznesə inteqrasiyası, innovativ təşəbbüslərin dəstəklənməsi, kiçik və orta biznes subyektlərinin tələbatına uyğun ixtisaslar üzrə təhsil proqramları və metodiki vəsaitlərin hazırlanması, UNEC tələbələrinin praktiki biliklərə yiyələnməsi sahəsində əməkdaşlıq edəcəklər.

Bununla bağlı keçirilmiş tədbirdə UNEC-in rektoru Ədalət Muradov iqtisadi sahədə fəaliyyət göstərən qurumlar və təhsil müəssisəsi arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib, imzalanmış sənədin iki qurum arasında müvafiq sahədə əməkdaşlığın həyata keçirilməsində önəmini diqqətə çatdırıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, Agentliyin fəaliyyəti bir çox istiqamətlərdə elm və tədris mərkəzləri ilə qarşılıqlı fəaliyyətə əsaslanır və imzalanmış memorandum iki qurum arasında əməkdaşlığın konkret istiqamətlərini və formalarını müəyyən edərək geniş əməkdaşlıq platforması yaradır. Vurğulanıb ki, KOBİA və UNEC əməkdaşlığı çərçivəsində universitetin elmi araşdırma mərkəzlərinin potensialından istifadə olunacaq, innovasiyalar sahəsində sahibkarlığın dəstəklənməsinin təşkilati modellərinin yaradılması və səmərəli fəaliyyətinin təmin olunması, elmi yeniliklərin biznesə inteqrasiyası istiqamətində tədbirlər həyata keçiriləcək, kiçik və orta biznesin tələbatına uyğun olaraq, müvafiq ixtisaslar üzrə müasir təhsil proqramları və metodiki vəsaitlərin hazırlanmasında birgə iştirak təmin olunacaq, UNEC tələbələrinin praktiki biliklərə yiyələnməsi diqqət mərkəzində saxlanılacaqdır.

  •  
"SAHİBKARLIQ SAHƏSİNƏ AİD QANUNVERİCİLİK AKTLARININ LAYİHƏLƏRİ" XİDMƏT BÖLMƏSİ