Xəbərlər
Pekində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçirilib

Pekində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçirilib 


İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir.

Nümayəndə heyətinə İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirləri, Xarici İşlər, Kənd Təsərrüfatı, Energetika nazirliklərinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Dövlət Gömrük Komitəsinin, Azərbaycan Dövlət Neft Şirkətinin, İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbər şəxsləri və sahibkarlar daxildir. Komissiyanın həmsədri, Çinin Kommersiya Nazirliyinin Avrasiya departamentinin rəisi Lu Veydonun rəhbərlik etdiyi Çin nümayəndə heyətində isə Çinin aidiyyəti dövlət qurumlarının rəhbərləri və iş adamları təmsil olunur.

Səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Çinin “Huawei” və “Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd” (CNEEC) şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib, müzakirələr aparıb.

“Huawei” şirkətinin rəhbəri ilə görüşdə İKT sahəsində əməkdaşlığın inkişafı imkanları müzakirə edilib. Bildirilib ki, İKT-nin inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir. Bu baxımdan Azərbaycan dünyada aparıcı şirkətlərdən olan "Huawei" ilə əlaqələrin genişləndirilməsində maraqlıdır. Görüşdə “Huawei” şirkətinin istehsalı olan və müxtəlif sahələri əhatə edən yeni texnoloji həllərin təqdimatı keçirilib.

İqtisadiyyat naziri Şahin Mustafayevin “Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd” (CNEEC) şirkətinin prezidenti Zanq Yanfey ilə görüşündə şirkətin ölkəmizdə fəaliyyətinə və əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb. Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət və digər sahələrdə Çin sərmayəli şirkətlərin fəaliyyət göstərdiyini qeyd edən nazir Şahin Mustafayev CNEEC-in Azərbaycanda müxtəlif layihələrin icrasında iştirak etdiyini vurğulayıb.

CNEEC-in prezidenti Zanq Yanfey şirkətin Azərbaycanla əməkdaşlıqda marağını ifadə edib.

Görüşdə Azərbaycanda avtomobil şinlərinin istehsalının təşkili müzakirə edilib.

Səfər çərçivəsində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası keçirilib, Komissiyanın sonuncu iclasından keçən dövr ərzində görülən işlər və iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

İclasda İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev Azərbaycan-Çin münasibətlərinin qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslandığını vurğulayıb. Bildirilib ki, əməkdaşlığımızın qədim tarixi var, hələ 2500 il bundan əvvəl xalqlarımız Qədim İpək Yolu vasitəsilə sıx ticari və humanitar əlaqələrə malik olub.

Qeyd olunub ki, Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi və aparılan intensiv dialoq ölkələrimiz arasında əlaqələrin inkişafı üçün əlverişli zəmin yaradır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına 2015-ci ildəki dövlət səfəri münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur. Səfər zamanı aparılan danışıqlar, əldə olunan mühüm razılaşmalar, imzalanmış dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə, “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumu ölkələrimiz arasında əlaqələrin  genişlənməsində xüsusi əhəmiyyət kəsb edir.

Bildirilib ki, 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 1,3 mlrd. dollar təşkil edib. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətinin təqribən 43%-i Azərbaycanın payına düşür.  Bununla belə, ticarət dövriyyəsinin artırılması üçün potensial böyükdür.

Azərbaycanda 120-ə yaxın Çin kapitallı şirkət fəaliyyət göstərir. Çin şirkətləri Azərbaycana 800 milyon ABŞ dollarından çox investisiya yatırıblar.

Ölkəmizdə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması üçün həyata keçirilən sistemli və ardıcıl tədbirlər barədə məlumat verən İqtisadiyyat naziri Şahin Mustafayev Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini diqqətə çatdırıb. İqtisadiyyat naziri Çin şirkətlərini Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühitindən yararlanmağa, sənaye parklarında və məhəllələrində birgə müəssisələrin təşkilinə dəvət edib.

Komissiyanın iclasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat-tranzit əlaqələrinin genişləndirilməsi müzakirə olunub.  Bildirilib ki, Azərbaycan Çinin “Bir Kəmər və Bir Yol” strategiyasını dəstəkləyən ilk ölkələrdən olmaqla yanaşı, bu təşəbbüsün reallaşdırılmasında yaxından iştirak edir. Çinin “Bir Kəmər və Bir Yol” təşəbbüsü çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialından istifadə olunması iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit sahəsində əməkdaşlıq üçün geniş imkanlar açır.

Şahin Mustafayev Trans-Xəzər Nəqliyyat Dəhlizinin üstünlükləri, Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında Azərbaycanın nəqliyyat-logistika potensialından istifadənin səmərəliliyini diqqətə çatdırıb, Çində bu dəhlizin təşviqinin genişləndirilməsinin önəmini, ölkələrimiz arasında əməkdaşlığa töhfə verəcəyini qeyd edib.

Komissiyanın həmsədri, Çinin Kommersiya Nazirliyinin Avrasiya departamentinin rəisi Lu Veydon ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib, əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. Lu Veydon Azərbaycanın Cənubi Qafqazda Çinin əsas ticarət tərəfdaşı olduğunu, Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində və yeni əməkdaşlıq imkanlarının təşviq olunmasında komissiyanın rolunu vurğulayıb.

İclasın sonunda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri  - Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev və Çinin Kommersiya Nazirliyinin Avrasiya departamentinin rəisi Lu Veydon imzalayıblar.  İclas çərçivəsində müzakirə olunmuş məsələlərin və Komissiyanın gələcək fəaliyyət istiqamətlərinin əksini tapdığı sənəddə sənaye, kənd təsərrüfatı, tranzit-logistika, ticarət, investisiya, İKT, maliyyə, turizm, humanitar və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. 

Çinə səfər çərçivəsində İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin  rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib.

Çinin kommersiya naziri Conq Şan ilə görüşündə Şahin Mustafayev Azərbaycanın Çin ilə ikitərəfli əlaqələrə xüsusi əhəmiyyət verdiyini və bu əlaqələrin bütün sahələrdə genişlənməsində maraqlı olduğunu diqqətə çatdırıb. İki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafı üçün böyük potensial mövcuddur. Nazir Şahin Mustafayev Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının bu imkanları reallaşdırmaq üçün əlverişli platforma olduğunu vurğulayaraq, keçirilən 7-ci iclasın səmərəli olacağına və əldə olunacaq yeni razılaşmaların icrasının Azərbaycan-Çin əlaqələrinin inkişafına töhfə verəcəyini qeyd edib. Azərbaycan Çinlə ikitərəfli ticarət əlaqələrinin inkişafı istiqamətində bir çox tədbirlər görüb. Bildirilib ki, Azərbaycanın Çində ticarət nümayəndəsi, Urumçidə və Şanxayda Azərbaycan şərab evləri, Lucouda Azərbaycan Ticarət Evi fəaliyyət göstərir, Çinə ixrac missiyaları təşkil edilir. Bu il Çinə daha 3 ixrac missiyasının təşkili nəzərdə tutulur.  

Bundan başqa, Çinin paytaxtında və müxtəlif regionlarında keçirilən sərgilərdə Azərbaycan şirkətlərinin məhsulları və xidmətləri nümayiş etdirilir və böyük maraqla qarşılanır.

Çin ilə ikitərəfli ticarətin genişləndirilməsi üçün Birinci Çin Beynəlxalq İdxal Sərgisi platformasından da səmərəli istifadə olunub, 180 çeşiddən çox Azərbaycan məhsulu təqdim edilib. Nümayiş etdirilən məhsullarımıza çinli ziyarətçilər tərəfindən böyük maraq göstərilib.

Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində də əməkdaşlıqda maraqlıdır. Çəltikçilik, çayçılıq, pambıqçılıq, ipəkçilik, tütünçülük sahələrində əlaqələrin inkişafı üçün imkanlar genişdir. Çin şirkətləri artıq pambıqçılığın və ipəkçiliyin maddi-texniki bazasının inkişafında Azərbaycanla uğurlu əməkdaşlıq edir. Azərbaycan Çinə yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarını, o cümlədən pambıq, tütün, şərab, alüminium və kimya sənayesi məhsulları ixrac edə bilər. Ölkəmiz isə Çindən yüksək keyfiyyətli məhsulların idxalını dəstəkləyir.

Bununla yanaşı, Azərbaycan Çinin regionları ilə əlaqələrin genişləndirilməsində, qarşılıqlı səfərlərin və tədbirlərin təşkilində də maraqlıdır.

Görüşdə Kommersiya Nazirliyinin tərkibində olan Çin İnvestisiyanın Təşviqi Agentliyi və Çin Avropa Texniki-İqtisadi Əməkdaşlıq Assosiasiyası tərəfindən Azərbaycan məhsullarının Çində daha geniş təşviqi və satışının təşkilinin genişləndirilməsii, infrastruktur, qida təhlükəsizliyi sahələrində əməkdaşlığın genişləndirilməsi və s. məsələlər müzakirə edilib.

Azərbaycan nümayəndə heyətinin Çinə səfəri çərçivəsində “Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi arasında 2019-2023-cü illər üçün mədəni əməkdaşlıq haqqında” Protokol, “Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında” Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, 25 fevral – 1 mart tarixlərində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO)  təşkilatçılığı ilə bu ilin ilk ixrac missiyası Çin Xalq Respublikasının Pekin şəhərinə təşkil edilib. Missiyaya qida, şərab və digər spirtli içki istehsalı sahəsində fəaliyyət göstərən 16 Azərbaycan şirkəti daxil edilib. İxrac missiyası çərçivəsində Çin və Azərbaycan şirkətlərinin iştirakı ilə Dəyirmi Masa keçirilib, Azərbaycan məhsulları barədə məlumat verilib, ixracın artırılması  istiqamətində fikir mübadiləsi aparılıb.

Bu gündən etibarən Çinin BHG marketlər şəbəkəsində Azərbaycan şərablarının satışına başlanılıb.

prev

next

  •  
"SAHİBKARLIQ SAHƏSİNƏ AİD QANUNVERİCİLİK AKTLARININ LAYİHƏLƏRİ" XİDMƏT BÖLMƏSİ