Xəbərlər
Şahin Mustafayev: Azərbaycan Çinlə daha sıx ticarət əlaqələri qurmaq niyyətindədir

Azərbaycan Respublikasının iqtisadiyyat naziri, Azərbaycan–Çin Hökumətlərarası Ticarət–İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev Şanxayda səfərdə olarkən Çin Kommunist Partiyasının rəsmi mətbu orqanlarından biri olan nüfuzlu “Global Times” qəzetinə Çin-Azərbaycan iqtisadi əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri barədə müsahibə verib. Müsahibənin əvvəlində redaktorun qeydi verilib. Qeyddə deyilir: “Çin ilə Azərbaycan arasında son illər iqtisadi əlaqələr həm ticarətin, həm də investisiyaların sürətlə artması ilə daha sıx əməkdaşlıq səviyyəsinə çatıb. Cənubi Qafqaz regionunda, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan, həmçinin Çinin “Kəmər və Yol” təşəbbüsü üzrə mühüm coğrafi mövqeyə malikdir. Çinin həyata keçirdiyi islahatlar və açıqlıq siyasətinin, xüsusilə də Birinci Çin Beynəlxalq İdxal Sərgisi (CIIE) platformasının Azərbaycan və Çin arasında ticarətin inkişafına yaxşı imkan yaradacağı gözlənilir”. AZƏRTAC müsahibəni təqdim edir.

- Çin ilə Azərbaycan arasındakı ticarət əlaqələrinin hazırkı vəziyyəti necədir?

- Çin ilə Azərbaycan arasında ticarət dövriyyəsi son illərdə bir neçə dəfə artıb. 2017-ci ildə ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 20 faiz artaraq 1,3 milyard dollara çatıb. Ötən il Çindən Azərbaycana 850 milyon ABŞ dollarından çox dəyərdə məhsul ixrac edilib.

Azərbaycan Çinə ənənəvi olaraq əsasən neft, xammal və kimya sənayesi məhsulları ixrac edir. Ötən ildən etibarən Çinə ixrac olunan məhsullar kənd təsərrüfatı, ərzaq və şərabçılıq kimi digər sahələri də əhatə etməyə başlayıb.

Azərbaycan Çindən müxtəlif növ məhsullar, o cümlədən avtomobil, cihaz, mexaniki avadanlıq, mebel, toxuculuq və plastik mallar idxal edir. Hesab edirik ki, ölkələrimiz ticarət sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdir və mövcud ticarət dövriyyəsi bir neçə dəfə artırıla bilər.

- Azərbaycan Çinlə iqtisadi əlaqələrini hansı sahələrdə daha da genişləndirə bilər? Azərbaycan Hökuməti ikitərəfli ticarət əlaqələrinin inkişafı üçün hansı tədbirlər görəcək?

- Azərbaycan Çinə yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarını, o cümlədən pambıq, tütün, şərab, alüminium və kimya sənayesi məhsulları ixrac edə bilər. Ölkəmiz isə Çindən yüksək keyfiyyətli məhsulların idxalını dəstəkləyir.

Azərbaycan Çinlə ikitərəfli ticarət əlaqələrinin inkişafı istiqamətində bir çox tədbirlər görüb. Ötən il Azərbaycanın Çində ticarət nümayəndəsi təyin edilib. Bu ilin sentyabr ayında Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Vilayətinin Urumçi şəhərində və Şanxay Vayqaoçao Azad Ticarət Zonasında Azərbaycanın şərab evləri, Siçuan əyalətinin Lucou şəhərində isə Azərbaycan Ticarət Evi açılıb. Azərbaycan məhsullarının, həmçinin Çinin “Direct Imported Goods” (“DIG”) supermarketlərində satışına başlanılıb və tezliklə Şanxay şəhərindəki “G-Super” supermarketlər şəbəkəsində də yerli məhsullarımız satılacaq.

Bununla belə, növbəti ildə Çinin müxtəlif bölgələrində Azərbaycanın ticarət və şərab evlərinin açılması nəzərdə tutulur. Ötən illərdə Çinin həyata keçirdiyi islahatlar və açıqlıq siyasətinin təqdim etdiyi əlverişli şəraitdən bəhrələnmişik. Çin ilə ikitərəfli ticarətin genişləndirilməsi üçün Birinci Çin Beynəlxalq İdxal Sərgisi platformasından da səmərəli istifadə olunacaq.

- Azərbaycanın Birinci Çin Beynəlxalq İdxal Sərgisində iştirakı barədə fikirlərinizi bilmək istərdik.

- Azərbaycan Birinci Çin Beynəlxalq İdxal Sərgisində 32 şirkətin daxil olduğu 60 nəfərdən ibarət geniş nümayəndə heyəti ilə təmsil olunub. Sərgidə belə geniş tərkibli nümayəndə heyəti ilə iştirak Azərbaycanın bu tədbirə böyük əhəmiyyət verməsinin göstəricisidir.

Azərbaycan şirkətləri Birinci Çin Beynəlxalq İdxal Sərgisində 180 çeşiddən çox məhsul təqdim ediblər. Nümayiş etdirilən məhsullarımıza çinli ziyarətçilər tərəfindən böyük maraq göstərilib.

Qeyd edim ki, Birinci Çin Beynəlxalq İdxal Sərgisinin açılışında Çin Xalq Respublikasının Sədri Si Cinpinin Çinin açıqlıq siyasətini davam etdirmək planları ilə bağlı çıxışı böyük maraqla qarşılandı. Müasir dövrdə bəzi ölkələr proteksionist tədbirlər görürlər və hazırda dünyada çoxsaylı sanksiyalar və məhdudiyyətlər mövcuddur. Bu baxımdan, Çinin belə bir açıq siyasət qəbul etməsi və dünya ölkələrinin iqtisadiyyatları üçün bu cür imkanlar yaratması böyük əhəmiyyət kəsb edir.

Azərbaycanın hər il keçiriləcək Çin Beynəlxalq İdxal Sərgisində iştirakı nəzərdə tutulur.

- Azərbaycan xarici investisiyaları, o cümlədən Çin investisiyalarını dəstəkləyir...

- Bildirim ki, Çin şirkətləri Azərbaycana 800 milyon ABŞ dollarına yaxın investisiya yatırıblar. Azərbaycanda 112 Çin kapitallı şirkət fəaliyyət göstərir. Məsələn, Azərbaycanda 3 sement zavodunun tikintisi Çinin podratçı şirkətləri tərəfindən uğurla icra edilib.

Azərbaycan Hökuməti ölkəmizin biznes mühitini yaxşılaşdırmaq üçün sistemli və ardıcıl tədbirlər həyata keçirir. Bu günlərdə Dünya Bankının açıqladığı “Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və 10 ən islahatçı ölkə sırasına daxil edilib.

Çin şirkətlərinin Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühitindən səmərəli istifadə edəcəklərinə ümidvarıq. Azərbaycan Hökuməti də Çin şirkətləri tərəfindən ölkəmizə yatırılan sərmayələrə dəstək verəcəkdir.

Qeyd etmək istərdim ki, Çin və Azərbaycan yüksək texnologiyalar sektorunda əməkdaşlığı genişləndirə bilərlər. Çinin yüksək texnologiyalar üzrə kommunikasiya şirkətləri “Huawei” və “ZTE” Azərbaycanda uğurla fəaliyyət göstərirlər.

Azərbaycan turizm sahəsində də Çinlə əməkdaşlıq edir. İki ölkə arasında birbaşa aviareyslər mövcuddur və Çin vətəndaşlarına ölkəmizə gələrkən hava limanında vizalar təqdim olunur. Təsadüfi deyildir ki, Azərbaycana səfər edən çinli turistlərin sayı ötən illə müqayisədə 62 faiz artıb. Hesab edirik ki, bu sahədə əməkdaşlığın inkişafı üçün daha geniş potensial mövcuddur.

- “Kəmər və Yol” təşəbbüsü Azərbaycanın iqtisadi inkişafına necə təsir göstərir?

- Azərbaycan Çin Hökumətinin “Kəmər və Yol” təşəbbüsünü fəal şəkildə dəstəkləyir. 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinə rəsmi səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan “Kəmər və Yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdəndir və bu təşəbbüsdə konkret tədbirlərlə iştirak edir. Məsələn, Azərbaycan Çin və Avropanı birləşdirən “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi”ni təqdim edib. Azərbaycanın yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi may ayında fəaliyyətə başlayıb. Limanı təxminən 3 milyon ABŞ dolları məbləğində avadanlıqla təchiz etdiyi üçün Çin Hökumətinə minnətdarlığımızı bildirmək istərdim. 

"SAHİBKARLIQ SAHƏSİNƏ AİD QANUNVERİCİLİK AKTLARININ LAYİHƏLƏRİ" XİDMƏT BÖLMƏSİ